Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”

Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”

“Azərbaycanın beynəlxalq layihələrdə iştirak etməsi hər bir azərbaycanlıya qürur verir”

Bu gün Azərbaycan dövlətinin apardığı daxili və xarici siyasətin əsas effektiv nəticəsi ölkədəki ictimai-siyasi sabitlikdə özünü göstərir. Bir çox sahələr kimi, ölkəmiz, bu baxımdan da dünya dövlətləri üçün bir örnəkdir. Bunu Azərbaycana gələn əcnəbi rəsmi qonaqlar, eləcə də turistlər də etiraf edirlər. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində Prezident İlham Əliyev bu haqda da fikir bildirib: “Qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə apardığımız işlər bölgədə sabitliyi daha da möhkəmləndirir. Sabitliyə gəldikdə, deyə bilərəm ki, dünyada gərginlik, risklər, təhdidlər artır, Azərbaycan isə sabitlik məkanıdır. 2018-ci ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir”.
Azərbaycandakı ictimai-siyasi sabitlik hər bir vətəndaşımızda məmnunluq yaradıb. Xüsusən, ictimaiyyət nümayəndələri bu sabitlikdən fəxrlə danışırlar. Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov “Palitra”ya açıqlamasında dedi ki, Prezidentin qeyd etdiyi kimi, 2018-ci ildə Azərbaycan xalqı sülh və əmin-amanlıq şəraitində yaşayıb: “2018-ci ildə geniş quruculuq işləri aparılıb və iqtidarla xalq arasında sıx bilik yaranıb. Prezident İlham Əliyevin təşəbbüs və rəhbərliyi ilə bir çox yerli və beynəlxalq layihələr həyata keçirilib. Əlbəttə ki, Azərbaycanın beynəlxalq layihələrdə iştirakı və aparıcı rolda olması hər bir azərbaycanlıya qürur verir. Bu bir daha sübut edir ki, Azərbaycan regionun lider dövlətidir. Çünki Azərbaycan bir çox layihələrin birbaşa təşəbbüskarı və icraçısıdır. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, TANAP layihəsi, qardaş ölkə Türkiyədə istifadəyə verilən “Star” neft emalı zavodu və s. buna misal ola bilər”. 
Çingiz Bayramov bildirdi ki, Azərbaycana turist axınının güclənməsi ölkəmizin beynəlxalq imicinin artmasının bariz nümunəsidir: “Ölkəmizdə sürətli iqtisadi inkişaf gedir. Azərbaycanın bütün bölgələrində iqtisadi artım müşahidə olunur. Xüsusən, biz bu inkişafı qeyri-neft sektorunun, əsasən də kənd təsərrüfatının inkişafını nümunə göstərə bilərik. Demək olar ki, bütün regionlarında bu istiqamətdə ciddi islahatlar aparılır. Hər bölgədə yeni zavodlar istifadəyə verilir və bununla da yeni iş yerləri açılır. İnsanlar artıq rayondan paytaxta deyil, bəzən də paytaxtdan rayonlara üz tuturlar. Eyni zamanda yeni kadrların hazırlanması sahəsində ciddi iş aparılır. Müasir düşüncəli gənc kadrların önə çəkilməsi buna sübutdur. Xüsusilə də Türkiyənin ən müasir universitetlərində təhsil almış gənclərin komitə sədri, nazir müavinləri, hakimlər səviyyəsinə gəlib çıxması çox müsbət haldır”.
Onun sözlərinə görə, Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib: “Bu gün Azərbaycan xalqı ilə ölkəni idarə edən iqtidar arasında olan həmrəylik dünyanın çox az ölkəsində rast gəlinir. Çünki ölkəmizi idarə edən iqtidar, hər zaman Azərbaycan xalqının mənafeyi naminə çalışır. Bu da xalqın iqtidara rəğbətini daha da artırır. Buna görə də xalqın iqtidara güvəni sonsuzdur”. 
TUMİB sədri qeyd etdi ki, ötən il bu il görüləcək bir çox layihələrin təməlləri atılıb: “Bu layihələrin sürətlə həyata keçirilməsini arzu edirik. İnanıram ki, 2019-cu ildə biz bunların canlı şahidi olacağıq. Beləcə, 2019-cu il Azərbaycan üçün daha da uğurlu il olacaq”. 

Palitra.az


"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi

ƏLAQƏ FORMU





TUMİB-in Qərərgah ünvanı

TUMİB

994 12 511 73 74

tumib.2000@gmail.com